4 dairədə təkrar seçki gözləntisi: “Vaxtı prezident müəyyənləşdirir” – MSK-nın katibi

9 fevral növbədənkənar parlament seçkiləri çərçivəsində nəticələri ləğv olunmuş 4 dairədə təkrar seçkilərin keçirilməsi ilə bağlı müəyyənlik yoxdur.

Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı əsasında nəticələri ləğv edilmiş 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrində təkrar seçkilərin nə zaman təyin olunacağı hələ məlum deyil.

Turkustan.info bildirir ki, bu barədə Yenicag.az-a danışan MSK-nın katibi Mikayıl Rəhimovun sözlərinə görə, Seçki Məcəlləsində təkrar seçkilərin hansı müddətdə keçirilməli olduğunu tənzimləyən müddəa yoxdur:

“Qanunvericilikdə nəticələri ləğv edilmiş dairələrdə təkrar seçkilərin keçirilməsi ilə bağlı xüsusi müddəa yoxdur. Təkrar seçkilərin keçirilmə vaxtını ölkə prezidenti müəyyənləşdirir”.

“Hüquq və İnkişaf” Mərkəzinin rəhbəri Hafiz Həsənov isə Yenicag.az-a açıqlamasında sözügedən 4 dairədə təkrar seçkilərin yaxın müddətdə keçirilə biləcəyini deyib:

“Seçki Məcəlləsindəki ciddi boşluqlardan biri də təkrar seçkilərin keçirilməsi qaydaları ilə bağlıdır. Yəni Məcəllədə bu qaydalar öz əksini tapmayıb.

Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün hazırladığımız təklifləri dəfələrlə təqdim etməyimizə baxmayaraq, həmin boşluqların aradan qaldırılması istiqamətində addımlar atılmır.

Bununla belə, hesab edirəm ki, o dörd dairədə təkrar seçkilər yaxın müddətdə keçiriləcək. Çünki ötən seçkilərin analoji təcrübəsinə baxsaq, təkrar seçkilərin haradasa ay yarım-iki ay müddətində keçirildiyini görərik. Yəqin ki, bu dəfə də müddət çox uzanmayacaq”

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related posts