Month: January 2021

Şəhid ailələri üçün “Qaçqınkom”un nazirliyə verdiyi mənzillərin ünvanları – SİYAHI

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2020-ci ildə məcburi köçkünlər üçün tikilmiş, lakin Vətən müharibəsində qələbədən sonra şəhid ailələrinə verilməsi qərara alınan mənzillərin dəqiq sayını və yerləşdiyi əraziləri açıqlayıb.

Bildirilib ki, ötən il məcburi köçkünlər üçün inşa olunmuş yaşayış sahələrinin dövlətimizin başçısının göstərişinə uyğun şəkildə istifadəsini təmin etmək üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2020-ci ildə Bakı şəhərinin Qaradağ rayonundakı “Ümid” qəsəbəsində 180 ailə üçün beşmərtəbəli 3 yaşayış binasının, Binəqədi rayonunun Xocasən qəsəbəsində doqquzmərtəbəli 5 binadan ibarət 810 ailəlik yeni məhəllənin, 624 şagird yerlik məktəb binasının, 140 yerlik uşaq bağçasının, inzibati binanın və texniki infrastruktur obyektlərinin, Sabunçu rayonunun inzibati ərazisində doqquzmərtəbəli 30 binadan ibarət 1512 ailəlik məhəllənin, 1200 şagird yerlik məktəb binasının, 280 yerlik uşaq bağçasının, inzibati binanın, klub-icma mərkəzinin və texniki infrastruktur obyektlərinin, Abşeron rayonu ərazisində doqquzmərtəbəli 35 binadan ibarət 1890 ailəlik məhəllənin, 1512 şagird yerlik məktəb binasının, 280 yerlik uşaq bağçasının, klub-icma mərkəzinin və texniki infrastruktur obyektlərinin, Samux rayonu ərazisində dördmərtəbəli 9 binadan ibarət 200 ailəlik məhəllənin, 144 şagird yerlik məktəb binasının, 50 yerlik uşaq bağçasının, inzibati binanın, klub icma mərkəzinin, həkim məntəqəsinin və texniki infrastruktur obyektlərinin, Ağdam rayonunun Quzanlı qəsəbəsində 50 mənzilli beşmərtəbəli binanın, Lənkəran şəhərində 45 mənzilli  beşmərtəbəli binanın, Füzuli rayonunda 95 fərdi yaşayış evindən ibarət olan yaşayış qəsəbəsinin inşası başa çatdırılıb.

Qeyd edilib ki, Füzuli rayonunda tikilmiş evlər məcburi köçkünlərə veriləcək. Yaşayışa hazır olan 4687 mənzil isə ölkə rəhbərliyinin tapşırığının icrası üçün istifadə olunacaq.

ŞOK XƏBƏR: Azərbaycan vətəndaşları Ermənistana GEDƏ BİLƏCƏK

Azərbaycan vətəndaşları Ermənistana vizasız səfər edə biləcək.

AzərMedia.az
 xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin saytında bu ölkəyə vizasız gələcək ölkələrin siyahısına Azərbaycanın da adı əlavə olunub.

Dəyişikliyə görə, Azərbaycan vətəndaşları pasportla Ermənistana gedə biləcəklər.

Bu dəyişiklik sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. /publika.az/

Bildirişlər göndərildi: erməni hərbçilər Qarabağdan TAMAMİLƏ ÇIXARILIR

Ermənistan ordusunda müqaviləli hərbi qulluqçularla (MAXE) müqavilələrə xitam verilir.

AzərMedia.az
 xəbər verir ki, bu barədə “medaport” teleqram kanalı yazıb.

Məlumata görə, Müdafiə Nazirliyi müqaviləli hərbi qulluqçulara bununla bağlı bildiriş göndərib: “8 yanvar tarixindən etibarən onların müqavilələri ləğv ediləcək”.

Ermənistan Müdafiə Nazirliyindəki mənbə bildirir ki, yeni müqavilələr Qarabağdan çıxarılacaq hərbçilərin müəyyən hissəsi ilə imzalanacaq. Beləliklə, Ermənistan ordusunda hərbi qulluqçuların sayı azalacaq.

Bu, Qarabağda – Xankəndi, Xocavənd və Xocalıda hələ də qalan erməni silahlı birləşmələrinin tezliklə çıxarılacağı deməkdir.

10 noyabrda imzalanan üçtərəfli razılaşmanın 4-cü maddəsində erməni silahlı birləşmələrinin sülhməramlıların yerləşməsinə paralel olaraq çıxarılacağı əksini tapıb. Lakin razılaşmadan iki aya qədər vaxt keçməsinə baxmayaraq, bu hələ də reallaşmır. Rəsmi Bakı bununla bağlı qəti mövqeyini ortaya qoyub və gözləntilərə görə, 11 yanvarda (tarix dəyişə də bilər) Moskvada baş tutacaq Azərbaycan Prezidenti ilə erməni baş nazirinin görüşündə bu məsələ həll olunmalıdır.

“Armenian military portal” teleqram kanalı da bir neçə gün öncə yazırdı ki, yaxın gələcəkdə Ermənistan ordusu Qarabağdan tamamilə çıxarılacaq: “Qarabağda yalnız yerli əhali, sülhməramlılar və az sayda erməni qüvvəsi qalacaq”. /publika.az/

Azərbaycanın 3 şəhərində Türkiyənin hərbi bazaları qurulacaq? – AÇIQLAMA

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bir sıra xarici media orqanlarında ölkəmizin 3 şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə yayılan xəbərlərə aydınlıq gətirib.

V.Dərgahlı  bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illərdə bu hərəkatın sədridir”.

“Atəşkəs pozulsa, cavab tədbirləri görüləcək” – Çavuşoğludan Yerevana XƏBƏRDARLIQ

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qarabağ münaqişəsinə toxunub.

AzərMedia.az xəbər verir ki, nazir Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə işə başlayacağını deyib. O, Mərkəzin atəşkəsin pozulması hallarına ciddi nəzarət edəcəyini xatırladıb.

“Biz Azərbaycan ərazisində, müəyyən edilmiş nöqtədə Dağlıq Qarabağda atəşkəs rejiminə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin tikintisini davam etdiririk. Monitorinq Mərkəzinin əsas vəzifəsi atəşkəs rejiminə nəzarət etmək olacaq. Atəşkəs pozulsa, cavab tədibləri görüləcək”.

Çavuşoğlu Ermənistanın ötən müddətdə atəşkəs rejimini 3 dəfə pozduğunu əlavə edib.

“Addımlarımızı Azərbaycanla birgə dəyərləndirəcəyik” – Çavuşoğlu

“Azərbaycanın müəyyənləşdirdiyi yerdə və bizə göstərdiyi nöqtələrdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzlərin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, amma atəşkəs pozulacağı halda bunun qarşısını almaq tədbirləri də görüləcək”.

AzərMedia.az xəbər verir ki, Portuqaliyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bu fikirləri bildirib.

Nazir deyib ki, Azərbaycanla Ermənistan arasında yaşanan 44 günlük müharibə müddətində Rusiya, ABŞ və Fransanın müdaxiləsilə 3 dəfə atəşkəs elan edilməsinə çalışılsa da, hər dəfə bu, Ermənistan tərəfindən pozulub.

M.Çavuşoğlu atəşkəslə bağlı qəbul edilən son qərara Ermənistanın əməl edəcəyinə ümidli olduğunu bildirib:

“Belə olan halda biz Ermənistanla əlaqələrimizi normallaşdıracağıq. Biz bundan sonra atılacaq addımları da Azərbaycanla birgə dəyərləndirəcəyik. Ermənistanla sərhədlərin açılması son dərəcə bu ölkənin xeyirinə olacaq. Çünki Ermənistan öz daxilində təcrid olunmuş vəziyyətdə qalıb” (apa).

Qarabağlı deputatlar: “İnsanlar geri qayıtmaq üçün əmr gözləyirlər”

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat müşavirəsində işğaldan azad olunmuş ərazilərlə bağlı çox mühüm fikirlər səsləndirib.

Ölkə başçısının toxunduğu vacib məqamlardan biri də məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması ilə bağlıdır.

“Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər – öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik”,-deyə Prezident bildirib.


AzərMedia.az xəbər verir ki,bu barədə Modern.az-ın əməkdaşı işğaldan azad edilmiş rayonların deputatları ilə əlaqə saxlayaraq, məcburi köçkünlərin Qarabağa qayıtması barədə hər hansı müraciətlərin olub-olmadığını soruşub.

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov deyir ki, Xocalıya qayıtmaq üçün müraciət edən xocalılılar var:


“Mən də məcburi köçkünəm. 28 ildir ki, ata-baba yurdumun, əzizlərimin doğulduğu, yaşadığı yerlərə həsrətəm. Şərait yaradılan və təhlükəsizliyimiz təmin olunan kimi, dövlətimizin “geri qayıt” əmri həyata keçən zaman ilk növbədə mən və bütün xocalılılar yurd-yuvalarımıza qayıdacağıq.
Uzun illər dogma torpaqlarımızın həsrəti ilə yaşamışıq. Bütün bu illər ərzində xalqımızın, dövlətimizin apardığı mübarizə və görülən işlər hansı məqsəd üçün edilirdi?! Torpaqlarımız nə üçün azad olunub?! Bu qədər şəhid vermişik.  Biz o torpaqları azad edib ərazi bütövlüyümüzü təmin etmişik ki, hər kəs öz ata-baba yurduna qayıdıb yaşasın. Bir məcburi köçkün kimi bunu səmimi deyirəm. Hamımız bu arzu ilə yaşamışıq. Bir nəfər kimi də Xocalıya gedib yaşayacağıq”. 

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin deputatı İmamverdi İsmayılovun sözlərinə görə, vətənini, torpağını sevən insanların başlıca arzusu o torpaqlara qayıtmaqdır:


“Seçicilərim nəinki qayıtmaqla bağlı müraciət edir, artıq getmək üçün yol üstə dayanıblar. Hətta insanlar mənə deyir ki, uçulmuş, dağıdılmış yerləri dırnaqları ilə qurub-yaratmağa hazırdırlar. İnsanlar bu torpaqlara qayıtmaq üçün illərdir ki, bu günü gözləyirdi. Allah cənab Prezidentimizə can sağlığı versin. Məcburi köçkünləri köçkünlük statusundan azad etdi. Mən də məcburi köçkünlərlə birgə torpaqlarımıza qayıtmaqla bağlı əmri gözləyirəm. Əmr verilən kimi, böyük qayıdış başlayacaq. Böyük qayıdış böyük quruculuq deməkdir. Öz torpaqlarımızda cənab Prezidenti böyük hörmət və ehtiramla, duz-çörəklə  qarşılayacağıq”.


83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbas bildirib ki, Ağdama qayıtmaqla bağlı çoxlu müraciətlər olur:


“Hətta həmin insanların adlarını da çəkə bilərəm. Düşünürəm ki, qayıtmaq istəməyənləri belə məcbur qaytaqmaq lazımdır. Biz o torpaqlar uğrunda müharibə aparmışıq. İnanıram ki, insanlarımız könüllü olaraq o torpaqlara qayıdacaq. Bir deputat kimi mənə müraciətlər olurdu ki, “Ağdamın qəsəbəsində bizə torpaq versinlər, gedib orada yaşayaq. Neynirik Bakıda binanı?!”. Belə müraciətlər çox olur. Ən aşağısı insanların 80%-i Qarabağa qayıdacaq. Qayıtmaq istəməyənləri də mindirirsən avtobusa, aparıb tökürsən Ağdama, Şuşaya, Füzuliyə. Biz o torpaqların illərdir ki, həsrətini çəkirdik. Əminəm ki, hamı qayıdacaq”. 


121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə 7-dən 77-yə hər gün vətənə qayıtmaqla bağlı xəbər eşitmək istəyənlərin olduğunu xüsusi qeyd edib:


“Bir gün dövlət başçısının göstərişinə əsasən, bu insanlar o torpaqlara, öz ata-baba yurdlarına  geri qayıdacaqlar və orada çalışacaqlar. Yenə də Laçının daimi sakinləri kimi yaşayacaqlar. Hər gün istər onlayn formada, istər mobil telefon vasitəsilə istər Facebook, istərsə də canlı görüşlərimizdə nə zaman vətənə qayıdacaqlarını, evlərinə dönəcəklərini soruşurlar. Bir məsələ də var ki, insanların ora qayıtmasını təmin etmək üçün ölkə başçısının da qeyd etdiyi kimi, təhlükəsizlik məsələləri həll olunmalıdır. Ərazilər minalardan təmizlənməli, kommunikasiya qurulmalı, yol, qaz işıq, su xətləri çəkilməli və bundan sonra insanların ora qayıtması təmin olunmalıdır. Cənab Pezidentin sualına cavab olaraq qəti əminliklə deyə bilərəm ki, nəinki laçınlılar, işğaldan azad edilmiş bütün rayonların sakinləri o torpaqlara qayıtmaq fikrindədirlər”.
 

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov da həmyerlilərinin Qarabağa qayıtmaq istəklərindən danışıb:


“Bizim insanlar tez bir zamanda o torpaqlara qayıdacaqları günü gözləyirlər. Bununla bağlı mənə müraciətlər həddindən artıq çoxdur. Hətta bəziləri deyir ki, biz özümüz də gedib orada ev tikib yaşamağa hazırıq. Bəzən məcburi köçkünlərin qayıtması ilə bağlı yanlış fikirlər səsləndirilir. Ancaq Cəbrayıl-Qubadlı zonasının insanları konkret olaraq gedib yaşayacaqlar. Hətta elələri var ki, çadırda, quru yerdə yaşamağa razı olduğunu bildirir. İnsanlar o torpaqlarda yaşamağa, iş qurmağa hazırdırlar. Bakıda doğulanlar belə o torpaqlarda gedib yaşamaq arzusundadır”.

Ermənistandan “Naxçıvan dəhlizi” AÇIQLAMASI

Ermənistan Naxçıvanla Azərbaycan digər əraziləri arasında nəqliyyat dəhlizini açmağa hazırdır.

AzərMedia.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Qevorkyan söyləyib.

“Ermənistan avtomobil və dəmir yolu ilə Rusiya və İrana yük daşımaqda maraqlıdır. Bu kontekstdə Yerevan Azərbaycanın Şərq əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır. Amma bu mövzu üçtərəfli razılaşmanın 8-ci bəndində göstərilən əsir və girovların qarşılıqlı tam dəyişdirilməsindən sonra reallaşa bilər”-deyə açıqlamada bildirilir./modern.az/

Zakir Həsənov azad olunmuş ərazilərimizə getdi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrində olub və burada yaradılan şəraitlə maraqlanıb.


Müdafiə naziri bölmələrdə hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olduqdan sonra şəxsi heyətin döyüş hazırlığı və qoşun xidmətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

MN: “Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir” – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə yeni dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və tibb xidmətinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildrilib ki, Vətən müharibəsi başlayan gündən müxtəlif istiqamətlərdə yaradılan mobil səhra hospitalları bu gün də şəxsi heyətin sağlamlığının qorunması məqsədilə sutkaboyu fasiləsiz olaraq gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Bundan əlavə, stasionar tibb məntəqələri inşa edilənədək isə bir neçə səyyar tibb qrupları da yaradılıb. Müxtəlif ixtisaslardan olan həkimlərdən təşkil edilən qruplar plana uyğun olaraq bölmələrdə olur, şəxsi heyəti müayinə edir, tövsiyələr verir, kompleks müalicəyə ehtiyacı olan hərbi qulluqçular hərbi tibb məntəqələrinə göndərilir.