Mərkəzi Bank uçot dərəcəsini yenə azaltdı – Nələr gözlənilir?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,75%-dən 7,5%-ə endirilməsi haqqında qərar qəbul edib. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,75%, yuxarı həddi isə 9,25% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib. Qərar bu gündən qüvvəyə minir.

Qeyd olunub ki, AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə 2020-ci il yanvarın 31-də baxacaq.

Azərbaycan Mərkəzi Bankı (AMB) cari il ərzində keçirdiyi 7 iclasın hamısında faiz dərəcələrini endirməli olub. Qeyd edək ki, yerli maliyyəçilər Azərbaycan Mərkəzi Bankının bu qərarını kreditləşmənin aktivləşdirilməsi və real sektora kredit qoyuluşların artırılmasına qismən bir motiv sayırlar. Azalma qərarı və AMB-nin gözləmə mövqeyini tutmaması isə ölkənin həm makroiqtisadi və ya inflyasiya təzyiqinin olmaması şəraitinin olmasını mümkün sayılır.

Bəs Uçot dərəcəsi nədir? Makroiqtisadi proseslərdə hansı rol oynayır?

Uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə izah etsək, Mərkəzi Bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir. Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir.

Uçot dərəcəsi artarsa, ölkədəki kommersiya banklarının vətəndaşlara və hüquqi şəxslərə verdiyi kreditlərin faiz dərəcələri artacaq. Nəticədə daha az adam kredit götürəcək, iqtisadiyyatda pulun həcmi azalacaq. Bu isə inflyasiya və iqtisadi artımın aşağı düşməsinə gətirib çıxaracaq.

Əgər uçot dərəcəsi azalarsa, kommersiya banklarının faiz dərəcələri aşağı düşəcək. Faiz dərəcəsinin aşağı düşməsi kredit götürmək imkanlarını artıracaq. Yəni istəyən şəxsin rahat kredit götürməsi pulun həcminin çoxalmasına gətirəcək və inflyasiya dərəcəsi çoxalacaq.

Uçot dərəcəsinin artması milli valyutanın digər valyutalar qarşısında dəyər qazanmasına gətirib çıxarır. Buna misal olaraq Azərbaycan Mərkəzi Bankının son dövrlərdəki uçot siyasətini göstərə bilərik ki, bu da manatın sabit qalmasına yönəlmiş siyasətdir.

AMB ölkədə makroiqtisadi sabitliyin qorunması ilə yanaşı iqtisadi artımın və milli iqtisadiyyatın şaxələnməsi proseslərinin dəstəklənməsi istiqamətində də məqsədyönlü fəaliyyətini davam etdirib. Bu sahədə ən mühüm fəaliyyət istiqamətlərindən biri bank xidmətlərinin ucuzlaşması, xüsusilə faiz dərəcələrinin enməsinin təşviq olunmasıdır. Bununla bağlı son vaxtlar bank sektorunun fəaliyyətinin tənzimlənməsi üzrə həyata keçirilən tədbirlər faizlərin aşağı düşməsinə şərait yaradır.

Faiz dərəcələrinin aşağı salınmasında əsas məqsəd isə bankların ucuz kreditlər verməsini təmin etməkdir ki, bu da öz növbəsində onların real sektora daha çox dəstək verməsinə gətirib çıxaracaq.

Ekspertlərin şərhlərinə əsaslansaq, 2020-ci ilin əvvəlində də uçot dərəcəsinin yenə endiriləcəyi proqnozlaşdırır.   /yenisabah.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •