Partiyalar namizədlərinin sayını açıqladı – SİYAHI

Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri baş tutacaq. Seçkilərdə 13 partiyanın üzvləri və bitərəf namizədlər iştirak edəcəklər. Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı siyahıya uyğun olaraq, 118 seçki dairəsindən 1606 bələdiyyəyə qeydiyyat aparılıb. MSK-nın rəsmi saytında 41 800-dək namizədin adı yerləşdirilib.

Qeyd edək ki, respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

AzərMedia.az xəbər verir ki, modern.az bələdiyyə seçkilərində iştirak edən partiyaların qeydə alınan namizədlərinin sayı barədə sorğu keçirib.

Bələdiyyə seçkilərində iştirakı təsdiqlənən Demokratik İslahatlar Partiyasının nümayəndəsi İlkin Həsənov bildirib ki, partiya 100-ə yaxın namizəd irəli sürüb:

“Onlardan 70-ə yaxın namizədimiz qeydə alınıb. Bələdiyyə seçkilərində iştirak edən namizədlərimiz hazırda təbliğat-təşviqat kampaniyasını həyata keçirirlər”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da partiyanın bələdiyyə seçkilərindəki namizədlərinin siyahısını açıqlayıb:

“Partiyanın irəli sürdüyü namizədlərdən təxminən 200-ə yaxını MSK tərəfindən qeydə alınıb”.

Azərbaycan Sosial Demokrat Partiyasının bələdiyyə seçkilərində iştirak edən namizədi isə nisbətən azdır. Partiyanın sədri Araz Əlizadə 21 nəfərin bələdiyyə üzvlüyünə namizəd olduğunu söyləyib.

Ana Vətən Partiyasının sədr müavini Elçin Ağamalı bildirib ki, partiya nümayəndələri həm fərdi, həm də partiya xətti ilə namizədliklərini irəli sürüblər:

“351 nəfər partiya xətti ilə, 300 nəfər yaxın isə fərdi qaydada, partiyalılığını qeyd etməklə namizədliyini  irəli sürüb. Onların 400-ə yaxını namizəd kimi qeydiyyatdan keçiblər. Bu təqribi rəqəmdir. Dəqiq rəqəmlərlə bağlı hesablamalar aparmaq mümkün olmayıb”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı qeyd edib ki, partiya təxminən 200-dən artıq namizədlə müraciət edib:

“Bələdiyyə seçkilərində iştirak üçün onların böyük əksəriyyəti qeydə alınıb. Təxmini 200-ə yaxın namizədimiz hazırda təbliğat-təşviqat kampaniyasını həyata keçirir”.

Ümid Partiyasının sədri İqbal Ağazadənin açıqlamasına görə, partiyanın bələdiyyə seçkilərində iştirak edəcək namizədlərinin sayı 500-dən çoxdur:

“Dəqiq siyahını mən özüm də bilmirəm. Səhv etmirəmsə, 521 nəfər namizədimiz seçkilərdə iştirak üçün qeydə alınıb”.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •