“Azərbaycanda yaşayan ermənilər bizim vətəndaşlarımızdır” – İlham Əliyev

“Bizim dini abidələrimiz qorunur və qorunacaq. Mənim göstərişimlə bizim bütün əsas dini abidələrimiz təmir olunub. Bir çoxları yenidən tikilib, o cümlədən mənim göstərişimlə Heydər məscidi yenidən tikilib. Bizim digər məscidlərimiz əsaslı təmir edilib. Onların təmiri simasını qorumaq şərtilə aparılıb. Azərbaycan bu sahədə də dünyaya göstərir ki, nə qədər zəngin mədəni irsə malikdir”.

AzərMedia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi ölkəmizdə yerləşir, 743-cü ildə inşa edilib, onun göstərişimlə faktiki olaraq yenidən qurulub.

“Yaxud da ki, xristian dininə mənsub olan abidələr, alban kilsələri, Kiş kilsəsi, Xudavəng kilsəsi. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, bizim udi qardaşlarımıza qaytarılıbdır. Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Bizim udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və bizə qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur. Müharibə zamanı alban-xristian kilsəsinin təmirdən sonra açılışı olubdur. Rus-pravoslav kilsələri, sinaqoqlar, katolik kilsə, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsi – bütün bunlar dövlət tərəfindən qorunur. Amma görün, bizim məscidlərimizi mənfur düşmən nə günə salıb. Altmışdan çox məscid işğal edilmiş və azad edilmiş torpaqlarda dağılıb və buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Biz erməni kilsəsini qoruyuruq”.

İlham Əliyev deyib ki. bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur və Azərbaycanda yaşayan ermənilər bizim vətəndaşlarımızdır.

“Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də, əminəm, bunu artıq başa düşürlər ki, onlar ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər”.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •