İlham Əliyev: “Bu il Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri keçirilməlidir”

“Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə Vaqif poeziya günlərində olmuşam. Vaqifin məqbərəsinin açılışında olmuşam, o qarlı-şaxtalı havada. İndi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır”.


AzərMedia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.


Dövlət başçısı bildirib ki, Vaqifin məqbərəsinin dağıdılması vəhşilikdir:

“Nə qədər vəhşilik ola bilər? Nə qədər qəddarlıq ola bilər? Özü də Azərbaycan xalqı axı, sizə nə edib? Sizə çörək verib. Azərbaycan xalqı sizə nə edib ki, ürəyinizdə bu qədər nifrət olsun? Şəhərləri dağıdırsınız, insanları didərgin salırsınız, tarixi abidələri sökürsünüz, nə məqsəd güdürsünüz? Elə hesab edirlər ki, bizim yaddaşımızdan silinəcək bu vəhşilik? Biz 44 gün müharibə apardıq, Ermənistanı demək olar ki, tamamilə məğlub etdik. İstənilən addım ata bilərdik, istənilən addım! Amma mən demişəm ki, biz mülki əhaliyə qarşı vuruşmuruq. Biz tarixə qarşı vuruşmuruq. Biz dini abidələrə qarşı vuruşmuruq. Onların bir dənə də olsun dini abidəsi dağıdılıb? Yox! Orada insanlar arasında itkilər çox aşağı səviyyədədir. O da təsadüfən baş verib. Görün, onlar nə ediblər? Xocalı soyqırımı, məscidlərimizin dağıdılması, şəhərlərimizin dağıdılması. Mədəni soyqırımı törədiblər bizə qarşı. Bütün dünya, onların havadarları, dostları görməlidir. Onların sözləri ilə desək, müsəlman əhatəsində olan sivilizasiyalı bir məkan kimi təqdim etməyə çalışan və buna inanan xarici havadarları, açın gözünüzü baxın, nə ediblər onlar?! Vəhşidirlər. Adam bunu etməz. Bu vəhşiliyə son qoyulmalı idi və qoyuldu. Kimsə bunlara dərs verməli idi, yoxsa yox?


Bütün qonşulara meydan oxuyurlar. Əsassız iddialar irəli sürürlər, torpaq iddiası, ərazi iddiası. Hər şeyi onlar özününküləşdirmək istəyirlər. Bizim musiqimizi oğurlayırlar. Gedin açın, onların öz musiqisi kimi təqdim etdikləri musiqilərin böyük hissəsinin müəllifi Üzeyir Hacıbəylidir və bizim digər bəstəkarlarımızdır. Bizim mətbəximizi oğurlayırlar. Qonşu xalqların mətbəxini oğurlayırlar. Tarixi abidələri oğurlayırlar. Kilsələri başqa xalqlardan, qonşu xalqlardan oğurlamağa çalışırlar.


Bir daha deyirəm, Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir, “Xarı bülbül” festivalı bərpa olunmalıdır. İndi Şuşaya yeni yol çəkilir. Düzdür, bu yol çox çətin relyefi olan ərazidə çəkilir. Amma biz buna nail olacağıq. Planlaşdırın, bu il bu iki tədbir Şuşa şəhərində keçirilməlidir -“Xarı bülbül” festivalı və Vaqif poeziya günləri”.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •