Türkiyə-NATO küskünlüyünün əsl səbəbləri

Rusiyadan Türkiyəyə “S-400” sistemlərinin tədarükünün son zamanlar Ankara-NATO əlaqələrinə kəskin şəkildə təsir etdiyi bildirilir. Lakin, bu əslində iki tərəf arasında latent münaqişənin yaranmasının yeganə səbəbi deyil

 Türkiyə ilə Rusiya arasında son zamanlar müşahidə olunan yaxınlaşma Ankaranın NATO ilə münasibətlərinin soyuqlaşmasına səbəb olub. Lakin Ankara ilə alyans arasında münasibətlərə mənfi təsir edən başqa faktorlar da var.

Azərmedia.az xəbər verir ki, RİA Novosti mövzuya dair şərhində müttəfiqlər arasında yaranmış münaqişənin əsas səbəblərindən yazıb.

“Niyə də Rusiya olmasın?”

Rusiyadan Türkiyəyə “S-400” sistemlərinin tədarükünün son zamanlar Ankara-NATO əlaqələrinə kəskin şəkildə təsir etdiyi bildirilir.

Bu kontekstdə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun bu həftə verdiyi açıqlama diqqətə layiqdir: “Biz Rusiya təyyarəsini vuranda, NATO bizə məsləhət gördü ki, Moskva ilə əlaqələri normallaşdıraq. İndi isə həmin tərəfdaşlar bizim (Moskva ilə – red.) yaxınlaşmamızı tənqid edirlər. Belə bir sual verdim: “Bəs bu ikili standartlar deyilmi? Lakin onlar (amerikalılar – red.) cavab olaraq gülməyə başladılar”.

Çavuşoğlu həmçinin “S-400 Triumf” zenit-raket komplekslərinin ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə alındığını izah edib. Qeyd edək ki, bu sistemlərin alınması Vaşinqtonunu son dərəcədə qıcıqlandırıb.

“Bu Türkiyənin hava hücumu və raket hücumu əleyhinə müdafiə ehtiyaclarını əhatə edir. Alyansın üzvləri başa düşməlidirlər ki, bizim qeyri-sabit regionumuzda dövlətin müdafiəsi üçün lazım olan bütün tədbirlər görülməlidir”, – Çavuşoğlu deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan isə Rusiyada baş tutmuş “MAKS-2019” aviakosmik sərgisində bildirib ki, amerikalılar öz qadağaları ilə əslində Türkiyə hökumətini digər silah tədarükçülərinə yaxınlaşmağa məcbur ediblər.

“Niyə də olmasın? Rusiyaya boş-boşuna gəlməmişik ki. Əgər ABŞ qırıcılar ilə bağlı qərarından imtina etməsə biz öz addımlarımızı atacağıq. Bazar böyükdür və biz özümüzü lazım olan şeylərlə təmin edə biləcəyik”, – Türkiyə lideri deyib. Ərdoğanın sözlərinə görə, Amerikanın “F-35” qırıcı təyyarələrini Rusiya istehsalı olan “Su-35” və ya beşinci nəsil “Su-57” təyyarələri ilə əvəz etmək olar.

Düzdür, bir müddət sonra Türkiyə prezidenti bildirib ki, onun bu sözləri NATO ilə əməkdaşlıqdan imtina kimi dəyərləndirilməməlidir: “Türkiyə müttəfiqlərindən imtina etmək niyyətində deyil”.

Vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün alyansın baş katibi Yens Stoltenberq isə Türkiyəni NATO-nun “vacib üzvü” adlandırıb: “Biz hamımız başa düşürük ki, bir-birimizdən asılıyıq”.

Lakin, əslində Rusiyadan silah tədarükü iki tərəf arasında latent münaqişənin yaranmasının yeganə səbəbi deyil.

Suriya münaqişəsi

Suriya münaqişəsində ABŞ və NATO terrorçu qruplarla mübarizə aparmaq üçün kürdlərdən istifadə edirlər. Lakin Ankara üçün elə kürdlər özləri terrorçudurlar. Ankara kürdləri separatizm təhlükəsi ilə əlaqələndirir.

NATO isə öz növbəsində Ankaranın Suriya böhranının həlli üçün təşkil edilən “Astana formatı”nda iştirakından narazıdır. Qeyd edək ki, bu formata Rusiya və İran da daxildirlər, amerikalılar isə münaqişə başlayan gündən bu iki ölkənin Suriyadakı fəaliyyətini tənqid edirlər.

Bundan başqa, İdlib vilayətində münaqişənin həlli ilə bağlı da fikir ayrılıqları mövcuddur. Belə ki, bu ərazi 2017-ci ildə de-eskalasiya zonası elan edilib və Rusiya, Türkiyə və İran orada atəşkəsi təmin etməli idilər. Lakin bu üç ölkə buna müvəffəq ola bilməyiblər, belə ki, ABŞ terrorçuluqla mübarizə adı altında İdlibi bir neçə dəfə bombardman edib.

Bu tip fikir ayrılıqları tərəflər arasında ikitirəliyi artırıb.

Çevriliş cəhdi

NATO ilə Ankara arasında münasibətlərinin pisləşməsində 2016-cı il hadisələri də rol oynayıb. İflasa uğramış çevriliş cəhdindən sonra Türkiyədə kütləvi təmizləmələr başlayıb. Hərbçilər, məmurlar, jurnalistlər və müəllimlər çevriliş cəhdində iştirak etməkdə günahkar bilinərək işlərindən qovulub və həbsə məhkum ediliblər. Onlardan bəzilərinin isə Avropaya qaçması, Ərdoğanın ciddi tənqidlərinə səbəb olub.

Çevriliş cəhdindən sonra Türkiyə ordusunda davam edən təmizləmələr NATO-nun narazılığına səbəb olan digər bir amildir. Türkiyə ordusu çevriliş cəhdindən əvvəl sayca NATO-da ikinci ən böyük ordu hesab olunurdu, lakin kütləvi təmizləmələrdən sonra ölkə bu üstünlüyünü itirib.

Bəs ekspertlər nə deyir?

Ekspertlər belə bir qənaətə gəliblər ki, Ankara və alyans arasında fikir ayrılıqları onların müttəfiq qalmasına mane olmayacaq.

“Öz hərəkətləri ilə Ərdoğan ABŞ-a siqnal göndərir: “Ankara Moskvaya tərəf üz tutub”. Donald Tramp isə bunu anlayır və Rusiyadan silah tədarükünə mane olmaq üçün sanksiyalardan istifadə etmək istəyir”, – türkiyəli politoloq Serkan Demirtaş RİA Novosti-yə deyib.

Ankarada yerləşən Siyasi Tədqiqatlar Mərkəzinin eksperti Orxan Qafarlı isə hesab edir ki, Türkiyə və ABŞ İdlib məsələsi üzrə əməkdaşlığa nail ola bilsələr, “S-400” məsələsi ikinci plana çəkiləcək.

“Əks halda Türkiyə-NATO əlaqələrində gərginlik davam edə bilər”.    /sputnik.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •