Siyavuş Novruzovun dediyi 8 nazir: Harada nə işlə məşğuldur? – Rəsmi işsiz də var, xaricə köçən də – SİYAHI+FOTO

Son vaxtlar açıqlamaları ilə diqqət mərkəzində olan Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun sabiq nazirlərlə bağlı söylədikləri hələ də gündəmdədir.  

Siyavuş Novruzov sabiq nazirlərin milyardlar toplamaqda, hazırda mövqe bildirməməkdə günahlandırıb, nazirlərdən dövlət və dövlətçiliklə bağlı mövqe tələb edib. Bəzi nazirlər isə öz növbələrində Siyavuş Novruzovun dediklərinin  qətiyyən onlara aidiyyətinin olmadığını bildiriblər. Bu mövzuda müzakirələr sabiq nazirlərin harada olması, hazırda məşğul olduqları sahə ilə bağlı sualları yenidən gündəmə gətirib.

Azərmedia.az cebhe.info-ya istinadən bununla bağlı məlumatları təqdim edir.  

Fazil Məmmədov – Azərbaycan Respublikasının ilk Vergilər naziri olub (2000-2017), I dərəcəli dövlət vergi xidməti müşaviridir. Sabiq  nazir  bir müddət əvvəl Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alıb. Daha sonra müalicəsini Türkiyədə davam etdirməsi qərara alınıb. 2018-ci  ilin iyun ayında F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub. İndi isə müalicəsini Almaniyada davam etdirir.  Sabiq nazir bu ilin iyul ayında Almaniyanın Heydelberq şəhərində yerləşən xəstəxanalardan birində mədəaltı vəzisindən əməliyyat edilib. F.Məmmədov pankreatit və şəkər xəstəliyindən əziyyət çəkir.

Səlim Müslümov –   2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olub. 2018-ci ildən isə Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllimi işləyir. Sabiq nazir cari ilin iyun ayında  Dünya iqtisadiyyatı kafedrasında müdir  vəzifəsinə təyin olunub. Elmi fəaliyyətlə məşğuldur.

Heydər Əsədov – Azərbaycan Respublikasının keçmiş Kənd Təsərrüfatı naziri 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni alıb. Hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsində çalışır. Bu vəzifəyə  3 aprel 2019-cu ildə təyin olunub. H.Əsədov sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır. Onun qızı Fəridə Məmmədova Ziya Məmmədovun oğlu Anar Məmmədovla rəsmi nikahdadır.

Ziya Məmmədov- Azərbaycan Respublikasının Nəqliyyat naziri olub. 2002-2017-ci illərdə bu vəzifəni icra edən Ziya Məmmədov hazırda işsiz olduğunu bildirsə də, bizneslə məşğul olduğu iddia edilir. Son zamanlar ibadətlə məşğul olması ilə də gündəmə gəlir.

Hüseynqulu Bağırov–  2001-ci ildən 2018-ci ilə qədər  Ekologiya və Təbii Sərvətlər naziri olub. Rəsmi olaraq işsiz olsa da, faktiki olaraq vaxtilə özünün yaratdığı “Qərbi Kaspi” Universitetinə rəhbərlik edir.

Əli Abbasov- 20 fevral 2004 – 7 mart 2014-cü ildə Rabitə və İnformasiya Texnologiyaları naziri,  2014-2015-ci  illərdə isə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri olub.  Texnika elmləri doktoru, akademikdir. Hazırda  Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının müdiridir.

Misir Mərdanov -1998-2013-cü illərdə Təhsil naziri vəzifəsində çalışıb. 2014-cü ildən Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidentir. 2014-cü ilin оktyabrın 28-dən Pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva) akademikidir. 2015-ci ilin martın 2-dən Riyaziyyat və Mexanika İnstitutunun D.01.111 dissertasiya Şurasının sədridir.2017-ci ildən AMEA-nın müxbir üzvü,eyni zamanda  AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.

Səfər Əbiyev –  1995-ci ildə  Müdafiə naziri təyin olunub. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib. 2015-ci ildə Çexiya vətəndaşlığı aldığı, orada yaşadığı, şəxsi biznesinin olduğu iddia edilir.

Fizuli Ələkbərov- 7 fevral 2006 – 22 oktyabr 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olub. Hazırda bizneslə məşğuldur.Amerikadan Azərbaycana kənd təsərrüfatı texnikaları gətirdiyi deyilir.

Paylaş:

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •