İstefa vermək mədəniyyəti – Eks-nazir sabiq deputatı nümunə GÖSTƏRDİ

300 min dollar qarşılığında vəsiqəsini girov qoymaqla gündəmə gələn və deputat mandatından imtina edən sabiq deputat Rafael Cəbrayılovun könüllü istefası uzun illər sonra Azərbaycanda müşahidə edilən yeni praktika kimi qiymətləndirilir. Əslində dünya siyasət meydanında vəzifə səlahiyyətlərini aşma hallarına yol verildikdə şəxsin öz kürsüsündən imtina etməsi mədəniyyətin bir göstəricisi hesab olunur.

Azərbaycanda isə uzun illər sonra baş verən könüllü istefa hadisəsi az qala qeyri-adi qarşılandı. Çünki bu praktika bizdə geniş tətbiq edilmiş olsaydı, 2015-ci ildə Binəqədi rayonunda çoxmərtəbəli binanın yanması zamanı 15 nəfərin ölməsi və 65 nəfərin yaralanmasına, ya da Xəzər dənizində boğulan neftçilərə görə kimlərsə istefa verməliydi ki, bu gün deputatın mandatdat könüllü imtinasına təəcüblənməyək… Sadalamaqla bitmir!

“İnsanların vəzifədən getməsi normal haldır”

1999-cu ildə Azərbaycanın xarici işlər naziri postundan könüllü istefa verən Tofiq Zülfüqarov son müzakirələrlə bağlı Modern.az-a deyib ki, dövlət postlarında seçilənlərin vəzifələri həmin mövqedə cəmiyyətə xidmət etməkdir:


“Bunun da əvəzində maaş alırlar. İnsanların vəzifəyə təyin olunması və vəzifədən getməsi normal haldır. Biz orta əsrlərdə deyilik ki, hansısa məmur kürsüdən düşürüləndə az qala düşmənə çevrilə. Hesab edirəm ki, biz də ümumdünya təcrübəsindən bəhrələnməliyik. Bir çox hallarda bunun səbəbləri müxtəlif olub. O dövrdə əsas məqsəd danışıqlar prosesini daha da gücləndirmək idi. Sirr deyil ki, o vaxt bununla məsələyə ictimaiyyətin diqqətini cəlb edə bildik. Bu, Azərbaycanda ictimai rəyin əsaslı olduğunu göstərdi”.

T.Zülfüqarov qeyd edib ki, bu gün Azərbaycanda istefa verməli olan vəzifə sahiblərinin sayı həddən çoxdur:

“Biz hamımız bilirik ki, ictimaiyyətə təsir edən çox sayda səbəblər olur. Kiminsə bahalı saatı, kiminsə bahalı maşınının olmasl, yaxud kiminsə vəzifəli qohumunun xoşagəlməz hadisələrdə adının hallanması kimi nüanslar bu və digər şəkildə onların nüfuzunu zədələyir, rəhbərliyin etimadını doğrultmadığını göstərir. Təbii ki, onlar məsuliyyət hissilə, sərəncamı gözləmədən özləri addım atmalıdırlar. İşində nöqsan aşkarlanmış şəxslərin könüllü istefası həm də hakimiyyətin nüfuzunun yüksəlməsinə səbəb olar. Kreslodan tutub, ömrünün axırına kimi vəzifəni hansısa qüvvələrin hesabına əlində sıxıb saxlamaq da bir iş deyil. Məmurum bu davranışı hakimiyyəti də nüfuzdan salır. Onu da deyim ki, müxalifətdə də bu kimi məqamlar var. Həm iqtidarda, həm müxalifətdə kreslonu sevənlər o qədər çoxdur ki…

Hansısa etimadı itirən, cəmiyyəti idarə edə bilməyən insan rəhbərliyə hörmət olaraq özü istefaya getməlidir. Gözləməməlidir ki, onu sərəncamla qovsunlar. Getmək vaxtıdırsa, get. Vacib deyil ki, sən ölənə kimi vəzifədə oturasan”.

Vəzifədən könüllü istefa verənlər…

Mövzu ilə bağlı Modern.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Azərbaycanda könüllü istefa verənlərin olduğunu xatırladaraq, keçmişə ekskurs edib:


“1993-cü ildə hərbi qiyamdan sonra kütləvi istefaların şahidi olmuşduq. Çünki hakimiyyət bu qiyamın qarşısını ala bilməmişdi. Vaxtilə Vəfa Quluzadə, Tofiq Zülfüqarov, Eldar Namazov könüllü olaraq istefa veriblər. Sizinlə tam razıyam və təəsüf edirəm ki, istefa mədəniyyəti Azərbaycanda geniş yayılmayıb. Bunun da bir sıra səbəbləri var. Bu həm ənənələr, həm də dövlətçilik tarixilə bağlı məsələdir. 1918-1920-ci illərdə bizim qısamüddətli dövlətçilik tariximiz olmuşdu. O zaman istefa mədəniyyəti açıq şəkildə görünürdü. Cümhuriyyət dövründə hökumət bir neçə dəfə istefa vermiş, yenidən təşkil olunmuşdu. Bolşeviklər Azərbaycanı zəbt edəndən sonra ölkədə tamam yeni qaydalar tətbiq olundu. Kommunistlərin dövründə Azərbaycanda o ideologiya formalaşdı ki, kimsə tutduğu vəzifədən istefa verə bilməz. Yəni bu, mümkün deyildi. İstefanın verilməsi birbaşa həmin şəxslərin həbsinə gətirib çıxarırdı. Mərhum Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyasının sədrliyindən istefa verməsindən sonra ona qarşı təzyiqlər məhz bu səbəbdən artdı”.


“Rafael Cəbrayılov yaxşı nümunədir”


Ə.Nuriyev bildirib ki, Rafael Cəbrayılovun istefası yaxşı nümunədir:


“Şəxs vəzifəyə təyin olunduğu kimi, azad da edilə bilər. Amma deputatlıq fərqlidir. Burada səni xalq seçir. Əgər xalqın adından sui-istifadə edirsənsə, buna görə məsuliyyət daşıyırsan”.

“Vəzifə nəsillərdən gələn miras deyil”


Hüquqşünas təəssüflə qeyd edib ki, bəziləri vəzifəyə nəsillərdən qalmış miras kimi baxır:

“Ona görə də vəzifədən gedəndən sonra ağır vəziyyətə düşürlər, səhhətləri kəskin pisləşir. Elə düşünürlər ki, vəzifədən çıxarılıblarsa, atılmış insanlardırlar. Bu səbəbdən də vəzifədən möhkəm yapışmağa çalışırlar. Bu, idarəçilik mədəniyyətidir. Vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən insanlar var, hətta onlar belə müxtəlif yollarla vəzifədə qalmağa çalışırlar. Və buna nail də olurlar. Ümid edək ki, bu proses Azərbaycanda da geniş vüsət alacaq. Öz işinin öhdəsindən gələ bilməyən, yaxud xəstəliklə bağlı məmurlar istefa verəcək. Bir məsələ də var. Bizdə şəxs vəzifədən gedəndən sonra ictimaiyyətdə ona “vurulmuş” adam kimi baxılır. Bu yanaşmalar dəyişməlidir. Qəribədir ki, bəzi hallarda “vurulan” şəxslər tez bir zamanda müxalifət cəbhəsinə keçirlər, dövlətçilik əleyhinə hədyanlar yağdırmağa başlayırlar. Amma istənilən halda istefa bir mədəniyyətdir və biz bunun Azərbaycan modelinin inkişaf etdirilməsinə nail olmalıyıq”.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •