İranın “qibləsi” əlindən alınır: Tehran üçün BÖYÜK SINAQ

İraqda hökumət əleyhinə baş qaldıran kütləvi etirazlar İranın əleyhinə çevrilib. 

Bir həftəyə yaxındır İraqın şiələr yaşayan bölgələrində Tehran rejiminə və İrana bağlı rəsmilərinə qarşı etirazlar səngimək bilmir. İraqın zəngin neft ölkəsi olmasına baxmayaraq, ölkədə baş alıb gedən korrupsiyaya, yoxsulluğa və işsizliyə qarşı çıxan şiə iraqlılar yaranmış vəziyyətə görə İran İslam Respublikasını ittiham edir. Küçələrə çıxan iraqlılar İran əleyhinə şüarlar səsləndirib.

Bağdad, Kərbəla və Nəcəfdə keçirilən etirazlarda qəzəbli şiə gənclər İranın dini lideri Əli Xamneyinin şəkillərini cıraraq yandırıblar. Aksiya iştirakçıları İranın İraqın daxili işlərinə qarışmasını və SEPAH-ın “Qüds” briqadasının ölkədə yaratdığı “Həşd əş-Şəbi” qruplaşmasının özbaşınalığına son qoyulmasını tələb edib. İraqlı gənclər Bəsrədə İranın Baş Konsulluğunun binasına hücum edərək daşa basıb. Etirazçılar həmçinin Baş Konsulluq binası üzərindəki İran bayrağını yerə endirərək, ayaqlar altına atıb tapdalayıblar.

Bildirilir ki, İraqda anti-İran ab-havasının getdikcə genişlənməsi rəsmi Tehran üçün gözlənilməz olub. Belə ki, vəziyyətin islam respublikasına qarşı inkişaf etməsindən çaşqın duruma düşən İran rəsmiləri hökumət tribunalarından bəyanatlar səsləndirərək, İraqda baş verən etirazları xarici düşmənlərin iki ölkənin dostluğuna qarşı planı kimi qiymətləndirib. Ayətullah Əli Xamneyi isə İraqdakı etirazları “düşmənin məkrli planı” adlandırıb. İranın bəzi rəsmilərinin İraq etirazlarını “Ərbəin mərasiminə kölgə salmaq üçün təşkil edilmiş oyun” adlandırmasından sonra “dini lider” Əli Xamneyi bildirib ki, “düşmən İraqda məkrli plan hazırlayıb”.
“Dini Liderin Əsərlərinin Mühafizəsi və Nəşri Mərkəzi”nin “Tvitter”də Əli Xamneyiyə istinadən yazdığı statusda qeyd edilir ki, “düşmənlər təfriqə salmağa çalışsalar da, bunu bacarmayıblar və onların məkrli planları heç bir nəticəyə çatmayacaq”. Yayılan son məlumata əsasən, İraqda baş verən etirazlarda İrana bağlı naməlum snayperlərin atəşi nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb. Yaralananların sayı isə dörd min nəfəri ötüb.

İraq parlamentinin iki deputatı nümayişlər zamanı etirazçılara atəş açanların İrana bağlı muzdur snayperlərin olduğunu deyib.

Deputatlardan biri Əhməd Əl-Cəburi bildirib ki, etirazçıların ölümünə görə birbaşa “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın komandanı Qasım Süleymani məsuliyyət daşıyır. Deputat qeyd edib ki, əlində olan sübutlara əsasən, Süleymani Hacı Hamed adlı muzdurunun köməyilə Bağdadda etirazçılar və onların rəhbərlərinə qarşı terror hücumları hazırlamaq istiqamətində əməliyyat qərargahı yaradıb. Bununla da Hacı Hamedin başçılığı ilə bir qrup snayperə nümayişçiləri öldürməklə bağlı göstəriş verib. Digər millət vəkili Faiq Əl-Şeyx Əli isə bildirib ki, İran İraq xalqını qətlə yetirir. “İran bizi qətlə yetirir. Bu, heç kimə sirr deyil. Tehranın imam cüməsi də açıq-aşkar bəyan edib ki, iraqlı etirazçılar Amerikanın əlaltıları olduqlarına görə, onları öldürün”,- deyə millət vəkili əlavə edib. Faiq Əl-Şeyx Əli sonda etirazçıları öldürənlərin İraqın təhlükəsizlik qüvvələri deyil, İranın muzdur snayperləri olduğunu vurğulayıb. “Əş Şərq əl-Ausat” adlı qəzetinin “İraq. Uzun müddət yığılan və nəhayət partlayan hirs” başlıqlı məqaləsində isə etirazçıların yaranmış sosial-iqtisadi böhrana görə İranı ittiham etdiyi qeyd edilir.

Əl-Nəsiriyyə şəhərindən olan Əbu Əli xalqının artıq müəyyən tələblərə sahib olmadığını deyir. Bu tələblərin 2015 və 2018-ci illərdə olduğunu deyən müsahib hazırkı xalq etirazlarını nə siyasətçilər, nə də dini liderlər tərəfindən dəstəklənməyən bir “fəryad” adlandırıb. Məqalədə İraq hakimiyyətinin inanılmaz korrupsiyasından və iranlılardan utancverici asılılığından bəhs edir. “Hətta bu o dərəcəyə çatıb ki, İraq səfiri İraq televiziya kanalının efirində Tehranın mübarizəsini İraqa keçirmək və müharibəni bu ərazidən aparmaq hüququnun olduğunu bildirib. İraq bu gün dünyanın ən korrupsiyalaşmış ölkələri siyahısında 12-ci yerdədir. Rəsmi məlumatlara görə, 2003-cü ildə Səddam Hüseyn rejiminin süqutundan sonra ölkədən təxminən 450 milyard dollarlıq dövlət vəsait yoxa çıxıb. Bu, ölkənin büdcəsindən dörd dəfə böyükdür”adıçəkilən mənbə belə qeyd edir. Dünyada neft ehtiyatlarına görə dördüncü yeri tutan İraq faktiki olaraq, İran tərəfindən zəbt olunub. Hökumətin siyasətini İran islam İnqilabı Keşikçiləri Korpusu yönləndirir. Ona görə də iraqlılar yaranmış yoxsulluq və işsizliyin səbəbi kimi Tehran rejimini görür.

İraqda bir sıra böyük dövlətlərin maraqlarının toqquşduğunu nəzərə alsaq, baş verən kütləvi aksiyalardan geosiyasi qarşıdurma məqsədi ilə istifadə oluna bilər. Bu baxımdan, İraq üzərində əsas rəqabət ABŞ və İran arasında gedir. İranın Suriya və “Hizbullah”la qurur əlaqəsinin kəsilməsində maraqlı olan Vaşinqton Tehran rejiminin İraqdan çıxarılmasına, “Həşd əş-Şabi” qüvvələrinin fəaliyyətinə son qoyulmasına çalışır. Bu İranın yaratdığı “şiə hilalı” adlı geosiyasi koalisiyanın qarşısının atılmasında mühüm rol oynaya bilər. İranın İraqdan çıxarılması Yəməndəki husilərə dəstəyin də zəifləməsinə gətirib çıxaracaq. Ona görə də hazırda İraqda baş verən hadisələrdə İran və ABŞ-ın qarşıdurması getdikcə daha açıq müstəviyə keçməyə başlayıb.

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın sözlərinə görə, İraqda müxtəlif mədəniyyətləri təmsil edən millətlərin maraqları var:

“Belə etirazlar İraqda əvvəllər də olub. Su çatışmazlığına, işsizlik, korrupsiya və başqa problemlərlə bağlı aksiyalar əvvəllər də keçirilib. Hazırkı etirazlar işsizlik və korrupsiyaya qarşı mübarizə ilə bağlı başlanıb. Bu problemin həlli istiqamətində ciddi addımlar atılmadığından cəmiyyətdə sosial partlayışın baş qaldırması üçün qığılcım rolu oynadı. Bundan istifadə etdilər və son günlər “İraq qalsın, İran getsin” kimi şüarlar səsləndirməyə başladılar. Bu da təbii ki, İranı narahat edir. Çünki İranın İraqda çox böyük marağı var. İlk növbədə, bu İranın ideoloji qibləsi sayılan Kərbəla və Nəcəflə bağlıdır. O, bu ideoloji qiblədən uzaqlaşdırla bilər. İndi həmin ərazilərin təhlükəsizliyini təmin olunmasını İran həyata keçirir. Lakin perspektivdə o, həmin ərazilərdən sıxışdırıla və ya iştirakı məhdudlaşdırıla bilər. İranın İraqda konkret maraqları var. Uzun illərdir İran Xalq Mücahidləri adlı təşkilatı ilə mübarizə aparır. ABŞ-la əldə edilmiş qarşılıqlı anlaşma nəticəsində Xalq Mücahidləri İraqdan çıxarıldı və dünyanın müxtəlif ölkələrinə səpələndi. İranın himayədarlıq etdiyi kürd siyasi qüvvələri var. Vaxtilə Cəlal Tələbani, Məsud Bərzani Səddam Hüseyn rejiminə qarşı çıxanda İran onlara dəstək verib. İndi həmin qüvvələr İranın özünə qarşı çevrilib. Deməli, İran İraqda öz təhlükəsizliyini təmin etmək üçün PKK yönlü təşkilatların qarşısını almaq üçün fəaliyyət göstərməlidir. İraq deputatlarının iddiasına gəlincə, bu kifayət qədər inandırıcı görünmür. Doğrudur, bu ehtimalları tam istisna etmək olmaz. Amma İran belə əməllər törətməklə İraqda özünə qarşı anti-patiya yaratmaz. Onsuz da İraqda İrana qarşı əks-münasibət üçün xeyli arqument var. Ona görə də snayperlər vasitəsilə etirazçıları güllələtdirməsi İraq cəmiyyətində İrana qarşı düşmənçilik yarada bilər. Üstəlik həmin bəyanatı verən deputatların hansı cərəyandan və qrupdan olduğu, kimlər tərəfindən dəstəkləndiyinə aydınlıq gətirilməlidir. Şübhəsiz ki, İraq ABŞ-ın dəstəklədiyi dövlətdir. Lakin Səddam Hüseyn rejiminin devrilməsindən sonra İraqda hökumət dəyişikliyində həmişə ABŞ və İraq arasında razılaşma olub. İraqda sabitlik ABŞ-la İran arasında razılaşmadan asılı ola bilər. Əks halda, İraqda sabitliyin qorunması və təmin olunması çətinləşəcək. Ona görə də ya hadisələr İranda davam etdirilməlidir ki, Tehran rejiminin başı qarışsın. Ya da həmin qüvvələr güc yolu ilə çıxarılmalıdır. Məsələn, Qasim Süleymani İraq ərazisindən istifadə etməklə Suriyaya Livana sərbəst hərəkət edir. Ona da heç kim mane olmur. Ancaq son günlər İraq-İran münasibətlərində gərginlik müşahidə olunur. Bu yaxınlarda Məşhəddəki İraq konsulluğunun bağlanması, İraq ərazisində İranla bağlı atılan addımlar, Ayətullah Sistaniyə qarşı sui-qəsdlə bağlı xəbərlər gərginliyə səbəb olub. Bu hadisələrin indi baş verməsi təsdüfi deyil. Oktyabrın 19-da “İmamın 40-I” adlı məırasim olacaq. Dünyanın müxtəlif ölkələrindən İmam Hüseyni sevən zəvvarlar da həmin mərasimə gedir. Hazırkı iğtişaşların da bu ərəfəyə salınması çox güman ki, bununla bağlıdır. Ola bilər ki, İrana qarşı olan qüvvələrlə İranın tərəfdarları arasında “İmamın 40-ı” günü Kərbəlada və yaxud Nəcəgfdə toqquşmalar təşkil olunsun. Bu çox faciəvi nəticələr doğura bilər. Ona görə də İranın İraqdan çıxarılması ilə bağlı proses xeyli davam edəcək”.   /Cebhe.info/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •