“Azərbaycan türkləri İranda gec-tez milli haqlarına nail olacaqlar”

Ötən həftə Ərdəbilin Apellyasiya Məhkəməsi ilkin məhkəmədə 8 il həbs və 2 il sürgün cəzasına məhkum olunan siyasi fəal Abbas Lisaninin həbs müddətini 15 ilə qaldırıb. İranda son zamanlar fəallara qarşı təzyiqlərin artdığı barədə onsuz da faktlar çox idi. İran Azərbaycanlılarının Demokratik hərəkatının ən önəmli siması olan Lisanini belə ağır formada zərərsizləşdirilməsi narazılıqla qarşılandı. Onun həbsindən sonra Azadlıq Hərəkatının necə davam edəcəyi də sual altındadır.

Azərmedia.az xəbər verir ki,bu barədə Modern.az-a danışan Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, İran hakimiyyəti öz milli haqları uğrunda mübarizə aparan Azərbaycan türklərinə qarşı amansızdır:

“İran hakimiyyəti dünyaya səs salır ki, guya İran məktəblərində Azərbayacn türkcəsində tədrisə başlayıb. Sonra məlum oldu ki, bu tədris deyil, kütləvi deyil, pilot layihədir. Daha sonra məlum oldu ki, heç o pilot layihə də həyata keçirilmir. Bunun ardınca bəlli olur ki, Abbas Lisanini həbs müddəti 7 ildən 16 ilə qədər artırılıb. Belə şəraitdə prezidentin dələduzluqla məşğul olan qardaşı Hüseyn Firudinin cəza müddəti azaldılır. Dövlətin büdcəsinə milyardlarla zərbə vuran dələduzun həbs müddəti azaldıldığı təqdirdə, qanuni şəkildə öz haqqını tələb edən ölkə vətəndaşı uzun müddət həbsə məhkum edilir. Bu isə İran hakimiyyətinin İslam adı ilə dünyaya sırıdığı “ədaləti”dir”.

Analitikin sözlərinə görə, Güney Azərbaycan türklərinin Milli Hərəkatı heç vaxt dayanmayıb. S.Soltan düşünür ki, bu hərəkata rəhbərlik edəcək yeni şəxslər ortaya çıxa bilər:

“Son yüz ildə millət adına, Azərbaycan türklərinin milli haqlarının təmin olunması üçün mübarizə heç vaxt dayanmayıb. 3-4 il əvvəl Yürüş Mehrəlibəyli, Mahmud Fəzli, Şəhram Radmehr, Lətif Həsəni və Behbud Qulizadə də həbs edildilər. Bu insanlar da İranda azərbaycanlıların milli haqlarının təmin olunmasını tələb edirdilər. İran hakimiyyəti bunu qarşılamaqdansa, onları həbsə atmağa, damğalamağa, təzyiq altında saxlamağa, təqibə məruz qoymağa üstünlük verir. İranda iqtisadi, siyasi, sosial sahədə ciddi qarşıdurma gərginlik var. Güney Azərbaycan türklərindən başqa ərəblərin, türkmənlərin və digər xalqların nümayəndələrinin də milli haqları təmin olunmur. Beləliklə, İranda vəziyyətin gərginləşməsinə səbəb olacaq amillər güclənir. Bu isə İran hakimiyyəti üçün ciddi baş ağrısı ilə nəticələnə bilər.

Abbas Lisaninin azadlığını tələb etməklə yanaşı onu da qeyd etmək lazımdır ki, bu hərəkat tək son zamanlar həbs olunan fəallardan ibarət deyil. Azərbaycan türklərinin İranda milli haqları uğrunda mübarizə aparan daha neçə min övladı var. Onlar gec-tez milli haqların təmininə nail olacaqlar”.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •