“Çoxsaylı problemlərin kökündə cinsi uyğunsuzluq dayanır, amma bunu gizlədirlər”

Təhmasib Cavadzadə: “Depressiya nevrotik vəziyyətə keçir, nevrotik vəziyyət isə xərçəng xəstəliyi kimi insanın sinir sistemini məhv edir”

Dünyada və ölkədə intiharların sayının artması mütəxəssisləri həyəcan təbili çalmağa vadar edir. Problem, daha çox psixoloji istiqamətdən dəyərləndirilir. AYNA əməkdaşı da, psixoloq, psixoterapevt və seks terapevti Təhmasib Cavadzadə ilə sözügedən mövzu ətrafında həmsöhbət olub.

– Texnologiya inkişaf etdikcə, əslində hər şey yaxşı olmalı idi. Amma nədənsə əksinə oldu. Vəziyyət heç də ürəkaçan deyil. Düşünürəm ki, buna bizim həddindən artıq şişirtdiyimiz mental dəyərlərimiz mane olur. Nədənsə insanlar aqressivdirlər. Əlbəttə, buna maddi çətinliklər də təsir edir. Nevrotik vəziyyət baş alıb gedir. İnsanlar bir-birinin üzünə gülmür, bir-birilərini qısqanırlar. Kiçik məsələlər böyük davalara səbəb olur. O gün bir hadisənin şahidi oldum. Qız anası ilə avtobusa minmək istəyirdi və avtobusda sıxlıq olduğu üçün sürücüdən tələb edirdi ki, orta qapını açsın və kartı ön qapıdan vurandan sonra anası ilə orta qapıdan avtobusa minsin. Qız başladı küçədə qışqırmağa və avtobusa vurmağa. Mən avtobusdan düşüb onu başa salmağa çalışdım ki, bu, qanundur. Məni dinləmədi. Anası da aşağı düşüb anlatmağa çalışdı. Yenə qız dediyini deyirdi və qışqırırdı. Anası sürücüdən xahiş etdi. Sürücü israrla bildirdi ki, qanundur və kamera çəkir. Qapını aça bilməz. Bu zaman anası da qızına qoşuldu, başladılar deyinməyə ki, “qanun elə bizim üçün qalıb”. Biz isə avtobusa minib, yolumuza davam etdik. Dediyim odur ki, belə aqressiyalar heç nədən yaranır.

 Hazırda psixoloji problem hansı yaş qrupunda daha çox müşahidə olunur?

– Əsasən 23-40 yaş arası insanlarda psixoloji problemlər müşahidə olunur.

 Psixoloji problemlərin yaranma səbəbləri nələrdir?

– Yeniyetmə və gənc yaşlarında onsuz da problemlər çox olur. Onları nəzərə almıram. 23-40 yaşlarındakı insanlarda isə iddialı olmaları və o iddialara çata bilməmələri əsas səbəbdir. Nəticədə depressiya yaranır. Depressiya isə nevrotik vəziyyətə keçir. Nevrotik vəziyyət də xərçəng xəstəliyi kimi insanın sinir sistemini məhv edir. Eyni zamanda böyük ideyaların olması, onlara çata bilməmə, xəyallarda yaşama, cinsi ehtiyacın düzgün təmin olunmaması, ümumi ehtiyacları ödəyə bilməmələr problemlərə səbəb olur.

– Cinsi tələbat da problemin əsas səbəblərindən sayılır?

– Əlbəttə. Cinsi təlabatlara görə ailələr dağılır, insanlar cinayət törədirlər. Ailələrin çoxu cinsi təlabatlara görə dağılır. Amma məhkəmədə bunu qeyd etmirlər, onun əvəzinə “xasiyyətimiz, dünya görüşümüz uyğun gəlmir” deyirlər.

– Azərbaycanda bu problem nə qədər aktualdır?

– Statistikaya nəzər salsaq, bunu görə bilməyəcəyik. Dediyim kimi boşananlar əsl həqiqəti gizlədirlər. Amma məntiqlə baxanda belədir. Bunun üçün boşananlar arasında gizli sorğu keçirmək lazımdır. Mənim qarşıma çıxan insanlarla söhbət zamanı anlayıram ki, istər boşananlar olsun, istər evli şəxslər, çoxunda cinsi uyğunsuzluq var. Cinsi uyğunsuzluq, əsasən 27-35 yaş arası şəxslərdə olur.

– Başqa hansı problemləri müşahidə edirsiniz?

– Təşviş pozuntuları da kifayət qədər çoxdur. İmtahan stresi, panik ataklar, fobiyaları buna misal olaraq göstərə bilərəm. Bəzən psixoloqlarda da günah olur. Məsələn, imtahana az qalmış bəzi psixoloqlar seminar keçir və guya bir seminara tələbələrdən imtahan stresini götürürlər. Halbuki bu, mümkün deyil. Valideynlərdə də günah var. Uşaqlarına şərtlər qoyaraq imtahan stresini daha da artırırlar. Nəticə yaxşı olmayanda psixoloji zəif olan gənclər intihar yolunu seçirlər.

– Mətbuatda intihar xəbərlərinin tirajlanması da səbəblər sırasında yer alırmı?

– Bəli, bu cür məlumatların mətbuatda dərc edilməsi insanların psixologiyasına ciddi şəkildə təsir edir. Amma güclü psixologiyası olan insanlara belə hallar təsir etmir. Onlar xoşbəxt insanlardır. Zəif psixologiyası olan insanlar onsuz da özlərinə güvənmirlər. Bir tərəfdən də belə xəbərlərlə onlara daha ciddi travma vurulur. Nəticədə də intihar hadisəsi baş verir.

– Azərbaycanda psixoloqlar nə dərəcədə peşəkardırlar?

– Hazırda psixoloqlara nəzarət yoxdur. Bundan istifadə edən bəzi psixoloqlar özlərini reklam edib, müştəri yığmaq üçün yüz yola əl atırlar. Kim istəyir, özünü psixoloq elan edir. Bizim peşədə Hippokrat andı içilmir. Amma bizim peşə sahiblərinin də vicdanı olmalıdır.

– Sizə, daha çox hansı problemlərlə müraciətlər olunur?

– İxtisasca psixoloq və seksoloq olduğum üçün ən çox psixo-seksual problemləri olan şəxslər mənə müraciət edirlər. Amma seksual pozuntular təşviş pozuntuları qrupuna aid olduğu üçün, təşviş pozuntulu xəstələri də qəbul edirəm. Qeyd edim ki, təşviş pozuntuları olan pasientlər seksual pozuntusu olan pasientlərdən daha çoxdur. Digər psixoloji problemli şəxsləri qəbul etmirəm.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •