Yanacaqdoldurma məntəqələrinin benzin fırıldağı – Günahkar kimdir?

“Yanacaqdoldurma məntəqələrinin fəaliyyəti heç də qənaətbəxş deyil. Demək olar ki, bütün sürücülər narazılıq edirlər”.

AzərMedia.az bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib:

“Yanacaqdoldurma məntəqələrində yanacağa müxtəlif qatqıların qatıldığı artıq sirr deyil. İstər su, istərsə də müxtəlif kimyəvi qatqıların qatılması bir ənənəyə çevrilib. İllərdir bu proses aidiyyəti dövlət qrumlarının gözü qarşısında baş verir. Hətta bir müddət benzinlə işləyən mühərrikdə yanacağın oktanı aşağı düşmüşdü. İndi də nə qatırlarsa, son zamanlar yanacaqdan pis qoxu gəlir. Bu da insanların ciyərlərinə hopur və çox pis xəstəliklər yaradır.

Yanacağın keyfiyyəti aşağı düşdükcə, Ankologiya mərkəzinin qarşısında növbəyə duran xəstələrin sayı artır. Əslində, yanacaqdoldurma məntəqələrində yanacağa kimyəvi qatqılar qatanlar bunu dərk etmirlər. Onlar öz əlləri ilə öz yaxınlarını və bütün əhalini zəhərləyirlər.

Bu gün Azərbaycan xarici ölkələrə yanacaq satır və o yanacağın keyfiyyəti, yanacaqdoldurma məntəqələrində satılan yanacaqla eyni deyil. Bu o deməkdir ki, yanacaq zavoddan təmiz çıxır. Satışa gedəndə isə hər yanacaqdoldurma məntəqəsi özünün xüsusi kimyəvi qatqılarını təmiz yanacağa qataraq satır. Bu insanların genofonduna təsir edə biləcək qədər ciddi bir məsələdir. İnsanları qəsdən xəstəliyə yoluxdururlar. Düşünürəm ki, hüquq-mühafizə orqanları bu məsələyə müdaxilə etməlidir. 

Əgər zəhərli qida məhsulu satanı məsuliyyətə cəlb edirlərsə, bəs zəhərli yanacaq satanı niyə məsuliyyətə cəlb etmirlər? Nəticə etibarı ilə hər ikisi insanları zəhərləyir. Niyə buna baxan yoxdur? Onlar həm insanları zəhərləyirlər, həm də litrdə aldarlar, yəni 10 litrdə 1-1.5 litr əskik yanacaq vururlar. Bundan başqa keyfiyyətin aşağı olması mühərrikin sıradan çıxması ilə nəticələnir. Mühərrik sıradan çıxanda maşını hansı ustaya aparırsansa deyir yanacağı dəyiş”.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •