Araik Azərbaycanı hədələdi, yenə şərt qoydu…

Sentyabrın 15-də Xankəndində qondarma separatçı rejimin Təhlükəsizlik şurasının ilk iclası keçirilib və rejimin başçısı Araik Arutunyan iclasda çıxış edib. Hərbi, siyasi, iqtisadi və informasiya təhlükəsizliyini xüsusi vurğulayan Arutunyan da faktiki Azərbaycana qarşı 7 şərt-prinsip ortaya qoyub. Xatırlayırsınızsa Tovuz döyüşlərindən ruhlanan Nikol Paşinyan da Azərbaycana qarşı döyüşlərdən sonra 7 şərt irəli sürmüşdü. Erməni erməninin ayağını basmamaq üçün balaca padşah da 7 şərt-prinsipdən danışıb. Bir az fərqli. Arutunyanın tam çıxışı məlum olsa da, 7 şərtdən bəzilərini diqqətinizə çatdırırıq. Ona görə ki, sülh danışıqları ilə bu prinsiplər heç cür düz gəlmir. Düşmənin mövqeyi tam aydın və birmənalıdır və artıq neçənci dəfədir ki, istər Ermənistan rəhbərliyi, istərsə də Qarabağdakı separatçılar bunu üzümüzə deyirlər. Bu prinsipləri irəli sürənlə hansı sülh danışıqları aparıla bilər? 
Diqqət edək:
1.“Artsax Respublikasının hakimiyyəti  münaqişənin sülh yolu ilə və son həllinə yönəlmiş prosesin bütün mərhələlərində tamhüquqlu olaraq iştirak etməlidir”.
Yəni danışıqların formatı dəyişməli və separatçılar da danışıqlarda iştirak etməlidir. Bu variant həm Azərbaycan, həm də Minsk Qrupu tərəfindən imtina edilib. Bu şərt qəbul olnmayıb.
2. “Artsax Respublikasının suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyi heç bir halda təhlükə altında qala bilməz və bazarlıq predmetinə çevrilə bilməz”.
 Separatçılar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həllindən imtina edirlər və hələ “ərazi bütövlüyü” deyəndə də Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş əraziləri bu bütövlüyə şamil edib-etməmələri məlum deyil.
3. “Artsax xalqının öz müqəddəratını təyinetmə hüququndan istifadə etməsi prioritet olaraq tanınmadan, münaqişənin həlli üçün hər hansı bir seçim, münaqişə tərəfləri arasında məzmunlu bir müzakirə predmetinə çevrilə bilməz”.
Məsələ aydındır. Mərhələli həll planı olarsa belə, həmin planda öz müqəddərataını təyin etmə, yəni müstəqil olmağı Dağlıq Qarabağ əhalisi özü həll edir və Azərbaycan buna məhdudiyyət qoya bilməz. Təxminən Madrid prinsiplərində deyilən kimi. 
4.  “Dəqiq zəmanətlər sayəsində, münaqişənin həlli prosesində güc tətbiq etmə və təhdid etmə cəhdlərini istisna etmək lazımdır. Əks təqdirdə, Artsax Respublikası təcavüzkar Azərbaycana qarşı bərabər nisbətdə olmayan əks zərbə vurmağa, eyni zamanda hərbi əməliyyatları onun ərazisinə köçürməyə hazırdır”.
Bu bəndə xüsusi diqqət yetirmək lazımdır. Düşmən deyir ki, biz güc tətbiq etsək bizə heç gözləmədiyimiz nisbətdə əks zərbə endirə bilər və hərbi əməliyatları da təmas xəttindən çıxarıb bizim nəzarət etdiyimiz ərazilərə-məsələn Bərdəyə, Tərtərə və sairə yerlərə keçirə bilər. Aydındır ki, bu təbliğat xarakterli hədədir, amma hədədən əvvəl mövqedir. Yuxarıda qeyd olunan bütün prinsiplərdə sərgilənən mövqe açıq deyir ki, işğal olunan torpaqları geri qaytarılmayacaq. O zaman biz hansı sülh danışıqlarına başlayırıq? Düşmən faktiki olaraq öz şərtini söyləyib. Bu şərtlərdən sonra Minsk Qrupuna ultimatum vermək lazımdır ki, əziyyət çəkib bura gəlməyin. Mənasız danışıqlarla daha bir 27 il bizi aldada bilməzsiniz. Bizim də şərtimiz Azərbaycanın ərazi bütövlüyüdür ki, qarşı tərəf imtina edir. Hər iki tərəfin mövqeyi bəllidir. 
 Deməli, müharibəyə hazırlaşmaq lazımdır. Diplomatiya da, Müdafiə Nazirliyi də, xalq da. Xalq torpağını tələb edir və özündən asılı olanı ortaya qoymağa hazırdır. Əsas odur ki, xalqı ruhdan salmaq yox, ruhlandırmaq siyasəti aparılmalıdır.
P.S. Yeri gəlmişkən, Arutunyanın son prinsip-şərtlərinə rəsmi Bakı  hələ münasibət bildirməyib./Moderator.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •