“Azərbaycan Ordusunun hücumunu heç nə dayandıra bilməyəcək” – Paşinyanın siyasi süqutu

Hazırda Nikol Paşinyanın reytinqi hakimiyyətə gələndən bəri ən aşağı səviyyədədir. Bütün qüvvələr səfərbər olunub. Bütün müxalifət düşərgəsi bir yerdədir. Sadəcə, müharibə Ermənistana ciddi zərbə vurduğu üçün onlar hələlik susmağa üstünlük verirlər.

AzərMedia.az xəbər verir ki, Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, cəbhədən gələn əsgər meyitləri Ermənistanın hər yerində bomba kimi partlayıb:

“Adamlar bunun səbəbini Paşinyanda görürlər. Deyirlər ki, danışıqlar prosesini məhz o darmadağın etdi. Azərbaycan tərəfinin heysiyyatına toxunan hərəkətlər etdi. Bütün bunlar hələlik siyasi partiyaların sədrləri səviyyəsində Paşinyanın qınaq obyekti kimi tənqid olunmasına yönəldilmiş faktlardır. Qeyd olunur ki, danışıqlar prosesinin pozulması Paşinyanın ən böyük cinayətidir”.

Qabil Hüseynli bildirib ki, rus ekspertlərindən tutmuş amerikalı ekspertlərədək hamı Nikol Paşinyanın çox da uzaq olmayan bir müddətdə devrilə biləcəyindən danışırlar:

“Paşinyanın əhval-ruhiyyəsinə baxdıqda da onun özündə olmadığını, mənəvi-psixoloji durumunun tamamilə pozulmuş vəziyyətdə olduğunu görmək olar. Xüsusilə, digər siyasi partiyalarla yanaşı, Paşinyan üçün ən qorxulu olan Qarabağ klanıdır. Qarabağ klanının içində də Robert Köçəryan hazırda təşəbbüsü ələ almaqdadır. Rusiyadan böyük etimad gördüyü üçün artıq onun populyarlığı da artır. Belə hesab edirlər ki, əgər Azərbaycan Ordusu daha böyük uğurlar qazanıb ərazi bütövlüyünü bərpa etsə, Paşinyanın ölüm hökmünü imzalamış olacaq. Düşünürlər ki, siyasi hakimiyyətə can atan elita aranı qızışdırmaqla insanları küçələrə tökəcək. Paşinyanın özünün hakimiyyətə gəlmə metodu ilə onu hakimiyyətdən qovacaqlar”.

Qabil Hüseynli deyib ki, kiminsə bu fikirləri söyləməsi bizim üçün əsas deyil:

“Məğlub Ermənistanda məğlub baş nazir hakimiyyətdə qala bilməz. Mən güman edirəm ki, Azərbaycan Ordusunun hücumunu da heç nə dayandıra bilməyəcək. Bu nöqteyi-nəzərdən indidən bir çox amilləri nəzərə almaqla Paşinyanın siyasi süqutunu qabaqcadan söyləmək mümkündür”.   /Teleqraf.com/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •