Cəbhə gündəliyi: 27 oktyabrda nələr oldu…

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 1 ayı başa çatdı. Oktyabrın 27-də də cəbhədə sakit keçməyib. Baxmayaraq ki, tərəflər arasında humanitar atəşkəs razılaması var idi.

Amma Ermənistan hər dəfə olduğu kimi, yenə də atəşkəsin şərtlərini pozub.

AzərMedia.az saytı Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 27-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:

– Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

– Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum etmək cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub.

– Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilibr. Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var.

– Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

– Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya sistemlərindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

– Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir.

– Oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutub.

– Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriya atəşinə tutub.

– Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür.

– Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır.

– Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir.
Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmək hüququna malikdir.

– Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Bərdə rayonlarının ərazilərini raket atəşinə tutub.

– Xocavənd və Laçın ərazilərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Əksinə, oktyabrın 27-də saat 16.00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonu ərazisini “Smerç” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb.

– Azərbaycan Ordusu bütün cəbhə boyu humanitar atəşkəs rejiminə əməl edir.


– Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozub. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində 4 mülki şəxs, o cümlədən 7 yaşlı qız həlak olub. 4-ü uşaq olmaqla 14 nəfər ciddi xəsarət alıb.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •