Distant təhsil: problemlər və reallıqlar

Son zamanlar dünyamızı öz əhatə dairəsinə almış koronavirus (COVİD-19) bütün sahələrdə insanların öz fəaliyyətində müəyyən dəyişikliklər etməsinə və bu səbəbdən də pandemiya dövrünün tələblərinə uyğun qurmasını tələb edir. Bu mənada insanların gigiyenik tələblərə əməl etməsi, sosial məsafəni gözləməsi və kütləvi tədbirlərdən və toplantılardan kənarda durması müəyyən mənada bu virusla mübarizədə müəyyən nailiyyət əldə edilməsinə səbəb ola bilər. Azərbaycan dövlətinin bu sahədə apardığı mübarizə tədbirləri olduqca təqdirəlayiqdir və bu müsbət nəticə Ümumdünya Səhiyyə Təşkilatının müvafiq göstəricilərində də qeyd olunub.


Pandemiya səbəbindən müxtəlif sahələrdə olduğu kimi, təhsil sistemində də müəyyən yeni yanaşmalar hökm sürməkdədir. Zamanın tələbinə müvafiq olan bu çağırışlar distant təhsilin cəmiyyətdə rolunu və zəruriliyini daha da artırıb. Bu təhsil forması bir tərəfdən əhalinin sağlamlığının qorunması baxımından, digər tərəfdən isə insanlar arasında olan yoluxma riskinin minumuma endirilməsi baxımından olduqca əhəmiyyətlidir. Amma yuxarıda sadalanan müxtəlif pozitiv xüsusiyyətlərlə yanaşı, pandemiya dövründə ailələrin, xüsusilə də şagirdlərin qarşılaşdığı müəyyən problemləri də aradan qaldırmaq olduqca zəruridir. Belə ki, günün müxtəlif saatlarında internetdə yaranan problemlər distant, onlayn təhsil alan və təhsil verən vətəndaşlarımızın faydalı iş əmsalına müəyyən qədər zərbə vurur. Digər tərəfdən, onlayn təhsil prosesinə qoşulan bütün ailələrin elektron texniki vasitələrlə təminatında müəyyən problemlər olduğu üçün bu, tədrisə mənfi təsir göstərir. Üçüncü səbəb kimi normal internet şəbəkəsinə qoşulmaq imkanı olan, ancaq ailədə kompüter və smart telefonla təmin olunmayan şəxslərdir ki, onlar növbəlilik əsasında dərs prosesinə qoşulmaq məcburiyyətində qalırlar. Bu hal da tədris prosesinə mənfi təsir göstərir. Ən mühüm çatışmazlıqlardan biri də bir otaq şəraitində yaşayan və eyni zamanda tədrisə qoşulmaq məcburiyyətində qalan ailələrdir ki, onların hamısının eyni zamanda dərs prosesinə qoşulması həm ailə daxilində, həm də tədris prosesində problemlərlə qarşılaşmasına səbəb olur. Bəs problemdən çıxış yolu nədədir?

Aydın məsələdir ki, dövlət birdən-birə yüz min insanı planşet və smart telefonlarla təmin etmək öhdəliyini öz üzərinə götürə bilməz. Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq və bu vəsaitlər ordu quruculuğunun daha təkmil formalaşdırılması tədbirlərinə yönləndirilməsi baxımından daha vacibdir. Amma məktəblərimizdə pandemiya səbəbindən istifadə olunmayan kifayət qədər  kompüterlər vardır. Bəlkə də əhalinin aztəminatlı zümrəsindən olan təbəqələrinə bu kompüterləri müddətli (təcrid olma siyasəti bitənədək, məktəblər ənənəvi təhsilə qayıdanadək) vermək problemin həllinə müəyyən mənada kömək etmiş olar. Bu hal ali təhsil müəssisələrinin tələbələrinə də aid edilə bilər. Bu hal çox aşağı faiz olsa belə, tələbə və şagirdlərin nailiyyətlərinin davamlı olmasına öz töhfəsini vermiş olar. Bundan isə həm cəmiyyətimiz, həm də ümumilikdə təhsil sistemimiz qazanmış olar.     

Fəlsəfə üzrə fəlsəfə doktoru,

dosent Rəşad Əsgərov

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •