Prezidentdən tapşırıq: “Elə planlaşdırın ki, yarışlar bir-birinə maneçilik törətməsin”

“O ki qaldı, gələcək fəaliyyətimizə, Azərbaycanda bundan sonra da beynəlxalq idman yarışları keçiriləcək. Bu baxımdan bu il əlamətdar il olub”.

Bunu dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, bir neçə dünya, Avropa çempionatı keçirilib, gimnastika üzrə, digər idman növləri üzrə, o cümlədən Avropa Gənclər Olimpiya Festivalı keçirilib: “Bakı şəhərinə Avropanın bütün ölkələrindən yeniyetmələr, gənclər gəliblər. Bildirməliyəm ki, bizim gənclərimiz də yaxşı nəticə göstəriblər, komanda hesabında 4-cü yerə layiq görülüblər. Bu il Bakıda daha bir əlamətdar idman yarışı keçirilib. Futbol üzrə Avropa Liqasının final oyunu ilk dəfə olaraq Azərbaycanda, Bakı Olimpiya Stadionunda keçirilibdir. Bütün təşkilati məsələlər ən yüksək səviyyədə öz həllini tapıb, bunu da mən xüsusilə qeyd etmək istəyirəm. Çünki minlərlə xarici tamaşaçı, xarici qonaq gəlmişdir. Minlərlə qonağın bir gün, iki gün ərzində gəlməsi əlbəttə ki, bizim üçün müəyyən problemlər yarada bilərdi, ictimai nəqliyyatla, təhlükəsizliklə bağlı. Həmçinin hava limanında təyyarələrin, o cümlədən çarter təyyarələrin enişi ilə bağlı müəyyən problemlər ola bilərdi. Ancaq bütün müvafiq qurumlar, Təşkilat Komitəsi çox səmərəli işləyiblər. Ümumi rəyə əsasən, təşkilati məsələlərə görə Bakı Avroliqa final yarışı nümunə kimi göstərilir. Mən indi başqa şəhərlərdə buna oxşar yarışların keçirilməsi ilə bağlı bir söz demək istəmirəm, ancaq bizə gələn məlumata görə, hətta Çempionlar Liqasının final oyunları bəzi şəhərlərdə bu səviyyədə keçirilmir. Bizdə olan nizam-intizam, qayda-qanun, təşkilati məsələlər, könüllülərin fəaliyyəti, bütün aidiyyəti qurumların birgə fəaliyyəti bunu təmin edibdir”.

Azərbaycan Prezidenti qeyd edib ki, gələn il bizdə yenə də mötəbər idman yarışlarının keçirilməsi nəzərdə tutulur: “Onların arasında bir nömrəli yarış futbol üzrə Avropa çempionatının dörd oyunudur, onlardan biri dörddəbir finaldır. Artıq tarixlər də bəllidir, hazırlıq işləri də aparılıb, xaricdən gələn çox böyük tamaşaçı auditoriyası olacaq. Əminəm ki, bu yarış da ən yüksək səviyyədə keçiriləcək və Azərbaycan öz imkanlarını, o cümlədən təşkilatçılıq qabiliyyətini bir daha göstərəcəkdir. Ənənəvi olaraq Formula 1 yarışı keçiriləcəkdir. Futbol üzrə Avropa çempionatının oyunları ilə Formula 1 yarışı üst-üstə düşür. Ona görə təşkilati məsələlərlə məşğul olan bütün qurumların üzərinə əlavə məsuliyyət düşür. Gərək bütün bu işləri elə planlaşdıraq ki, bu iki önəmli tədbir bir-birinə maneçilik törətməsin. Ona görə indidən bütün işlər düzgün qurulmalıdır”. (modern.az)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related posts