Sürücü şəxsi maşınında tək olduğu halda maska taxmadığına görə cərimələnəcəkmi? – RƏSMİ CAVAB

Son günlər vətəndaşların şəxsi avtomobillərində tibbi maskadan istifadə etmələri ilə bağlı məsələ gündəmə gəlib.
AzərMedia.az bildirir ki, baku.ws-in “qaynar xətt”inə bununla bağlı müxtəlif şəxslər fikir bildirirlər.

Bir çoxu deyir ki, yol polisi sürücünü saxlayır və şəxsi maşınında maska taxmadığına görə sürücüyə irad bildirir. Bəziləri isə şəxsi avtomobilində maska taxmamağa görə cərimə olunacaqlarından narahatdırlar.

Şəxsi avtomobilində sürücü tək olarkən maska taxmayanda cərimə olunacaqmı?

Yaranmış suallara aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, polis vətəndaşı maşının içində tək olanda maska taxmadığına görə cərimələmir:

“Buna baxmayaraq, hər kəs buna əməl etməlidir. İnsanın şəxsi məsuliyyətindən asılı olan məsələdir. Bakıda sürücülər 4-5 saat fasiləsiz avtomobil idarə etmirlər. Onlar işıqforda saxlayırlar. Bundan başqa, kimisə avtomobilinə mindirə bilərlər. Sürücü düşüb marketə girir, yanacaqdoldurma məntəqəsinə daxil olur.

Eyni zamanda şəhər içində hərəkət təcrid olunmuş hərəkət deyil. Ünsiyyət minimuma endirilməyib, əksinə maksimumdur. Sadəcə olaraq kimsə piyada gedir, kimisi isə maşınla. Sürücü kiməsə yardım məqsədilə maşını saxlayıb çölə çıxa bilər.

Ən azından xüsusi karantin rejimi davam edir. Bunun tələblərinə mütləq əməl etmək lazımdır. Vətəndaş istənilən halda şəxsi avtomobilini idarə edərkən belə tibbi maskadan istifadə etməlidir”, – deyə bildirilib.

DİN-dən bildirilir ki, polis vətəndaşa şəxsi maşınında gedərkən maska taxmağı tövsiyə edə bilər:

“Əgər sürücünün maskası yoxdursa, ona tibbi maska tapmaqda yardım edə bilər. Bu dəqiqə çox yerdə tibbi maska satılır və paylanır. Çünki bu, zəruri məsələdir”.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related posts