Rektor pul tələbindən imtina etdi

AzerMedia.az  xəbər verir ki,  Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla məhkəmədə indiki və keçmiş işçilərindən, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı pul tələbi ortaya qoymuşdu. Rektor Əvəz Zeynallıdan 10, Vüsalə Ağabəylidən 5, Pərvin Mürsəlova və Elmira Baxşəliyevadan 3 min manat tələb edirdi. Daha çox ona görə ki, sosial şəbəkələrdə Kamal Abdullanın büdcəsini jurnalistlərin hesabına doldurmaq istəməsi barədə fikirlər yazmağa başlayıblar.

Rektor pul tələbindən imtina etsə də, “xural.com” saytındakı yazılara görə təkzib verilməsi, adıçəkilən dörd nəfərin üzr istəməsi iddiasını saxlayıb.

Cavabdeh tərəfin vəkili Elçin Sadıqov işə Binəqədi Rayon Məhkəməsində baxılmasına yazılı etiraz verib. Həm Əvəz Zeynallı, həm də Elmira Baxşəliyeva məhkəmə sədri Araz Kazımovun Kamal Abdulla ilə münasibətlərinin yaxşı olduğunu iddia edir.

Qarşı tərəf məhz Binəqədi Rayon Məhkəməsində iddia qaldırmasını belə əsaslandırır ki, qanun cavabdehlərdən birinin qeydiyyat ünvanı üzrə məhkəməyə müraciət etməyə imkan verir. “Xural” qəzetinin təsisçisi kimi Ə.Zeynallının qeydiyyatı Binəqədi rayonudur.

Digər üç nəfərin – universitetin filologiya və jurnalistika fakültəsinin keçmiş dekanı, indi orada müəllim işləyən Vüsalə Ağabəyli, bir neçə ay əvvəl işdən çıxarılmış Pərvin Mürsəlova və uzun illər universitetin kadrlar şöbəsində işləmiş Elmira Baxşəliyeva Bakının başqa rayonlarında yaşayırlar.

Hakim Emin Əliyev məhkəmə aidiyyətilə bağlı etirazı təmin etməyib və bu barədə qərardad çıxarıb. Qanuna görə, bu qərardaddan on gün ərzində apellyasiya şikayəti verilə bilər.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •