DSX sosial şəbəkələrdə yayılan VİDEOYA REAKSİYA

Dövlət Sərhəd Xidməti (DSX) Fərid Əzizli ilə bağlı sosial şəbəkələrdə yayılan videoya mübasibət bildirib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumatda bildirilib ki, son günlərdə sosial şəbəkələrdə və “Youtube” videohostinqində Xidmətin zabiti, leytenant Əzizli Fərid Ceyhun oğlunun qurumun bir sıra vəzifəli şəxslərini hüquqa zidd əməllərdə ittiham etməsi barədə videogörüntüsü yayılıb.

“Bununla əlaqədar olaraq bildiririk ki, leytenant F.Əzizlinin ictimailəşdirdiyi məsələlər ilə əlaqədar DSX-də araşdırma aparılıb, aidiyyəti hərbi qulluqçuların izahatları alınıb, guya qeyri-etik davranışa məruz qalması bildirilən vətəndaş dinlənilib. Araşdırma nəticəsində göstərilən hallar öz təsdiqini tapmayıb, özünə qarşı hər hansı qeyri-etik davranışın, yaxud fiziki təsirin baş verməsi əsgər valideyni tərəfindən tam inkar edilib”, – məlumatda vurğulanıb.

Məlumatda həmçinin qeyd olunub ki, F.Əzizli xidmətində yol verdiyi ciddi nöqsanlara görə bir neçə dəfə attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunub, DSX-nin rəhbərliyi tərəfindən gənc zabit olması nəzərə alınaraq xidmətində dönüş yaratması üçün ona imkan verilib, lakin xidməti fəaliyyətində nöqsanlara yol verməyə davam edib: “Hazırda attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunan və bununla əlaqədar tibbi şəhadətləndirilməsi keçirilən leytenant Fərid Əzizlinin zabitlərə böhtan atmasında əsas məqsədi şantaj yolu ilə özünün xidmətdə saxlanılmasına nail olmaq, bu alınmadığı halda isə DSX-nin şəxsi heyəti sırasından kənarlaşdırıldıqdan sonra bunu xidməti vəzifələrinin icrasında yol verdiyi nöqsanlarla deyil, guya “həqiqəti” yaydığına görə xidmətdən uzaqlaşdırılması ilə izah edə bilməkdir. Həmin videogörüntü Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinə böhtan atılması, yəni yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların yayılması ilə əlaqədar olaraq toplanılan materiallara müvafiq hüquqi qiymətin verilməsi üçün rəsmi qaydada Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilib, leytenant F.Əzizli xidməti vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb”. /modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •